Məzmuna keç

Navi Pilley

Vikipediya, azad ensiklopediya
Navi Pilley
ing. Navanethem Pillay
Şəxsi məlumatlar
Doğum tarixi 23 sentyabr 1941(1941-09-23)[1][2] (85 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hakim, vəkil, insan hüquqları fəalı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1988)[3]

Təltifləri "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı — 2020
"Nobel" sülh mükafatı — 2026
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Navanethem «Navi» Pilley (tam. நவநீதம் பிள்ளை; 23 sentyabr 1941[1][2], Durban[2]) — 2008-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə ali komissarı vəzifəsində çalışmış Cənubi Afrika Respublikasından olan hüquqşünas.

Hindistan mənşəli Cənubi Afrika Respublikasında anadan olan Pilley tamil əsillidir. O, Cənubi Afrika Respublikası Ali Məhkəməsinin ilk qaradərili qadın hakimi olub. Həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin hakimi və Ruanda Beynəlxalq Cinayət Tribunalının prezidenti vəzifələrində çalışıb. Sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində səylərinə görə 2026-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb. O, Nobel Sülh Mükafatına layiq görülən ilk Cənubi Afrika Respublikasından olan qadındır.

Pilley Durban şəhərində anadan olub və orada böyüyüb. Daha sonra Natal Universitetində təhsil alaraq 1963-cü ildə humanitar elmlər üzrə bakalavr, 1965-ci ildə isə hüquq bakalavrı dərəcəsi alıb. Universiteti bitirdikdən sonra vəkil kimi fəaliyyətə başlayıb və aparteid rejiminə qarşı hüquqi müdafiə işlərində iştirak edib. 1967-ci ildə öz hüquq firmasını yaradaraq doğma Natal əyalətində bunu edən ilk qadın olub. 1981-ci ildə Harvard Universitetində təhsil alaraq hüquq üzrə magistr dərəcəsi əldə edib. 1988-ci ildə dissertasiyasını tamamlayaraq Harvard Hüquq Məktəbini hüquq elmləri doktoru dərəcəsi ilə bitirib.

1995-ci ildə Cənubi Afrika Respublikası Ali Məhkəməsinə Məhkəmə Xidməti Komissiyası tərəfindən vəkillər kollegiyasının nəzarəti altında namizədliyi irəli sürülüb və hakim təyin edilib. Həmin il prezident Nelson Mandela və ədliyyə naziri Dullah Ömər Pilleyin Ruanda Beynəlxalq Cinayət Tribunalına (ICTR) hakim təyin olunması üçün namizədliyini BMT Təhlükəsizlik Şurasına təqdim ediblər.

Pilley 1999–2003-cü illərdə Tribunalda hakim kimi çalışıb və Tribunalın sədri seçilib. 2003-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutuna üzv dövlətlərin Assambleyası onu Məhkəmənin hakimi seçib. O, 2008-ci ilədək Apellyasiya Palatasının üzvü olub. 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının razılığı ilə BMT-nin Baş katibi Pan Gi Mun Pilleyi BMT-nin İnsan hüquqları üzrə ali komissarı təyin edib. Pilley həmçinin BMT-nin İşğal olunmuş Fələstin ərazisi üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri olub. 2019-cu ildən etibarən o, soyqırımı cinayətləri ilə bağlı Rohinca soyqırımı işində («Qambiya Myanmaya qarşı») ad hoc hakim qismində fəaliyyət göstərir.

Erkən həyatı və təhsili

[redaktə | vikimətni redaktə et]
Cənubi Afrikanın Durban şəhəri — Navi Pilleyın doğulduğu şəhər

Navanethem Naidu 23 sentyabr 1941-ci ildə Cənubi Afrika Respublikasının Natal əyalətində, Durban şəhərinin yoxsul məhəllələrindən birində dünyaya gəlib. Onun valideynləri Narrainsamy Naidu və Santhama Naidu tamil mənşəli, əslən hindistanlı idilər.[4][5][6] Onun nənə və babası 1890-cı illərdə Natalda Cənubi Afrikanın şəkər plantasiyalarında işləmək üçün Hindistandan müqaviləli fəhlələr kimi gəlmişdilər.[4] Valideynləri yeniyetməliklərinin ilk illərində qabaqcadan təşkil edilmiş nikah əsasında evlənmiş və səkkiz övlad sahibi olmuşdular, Pilley ailənin beşinci övladı idi.[7] Narrainsamy avtobus sürücüsü işləyir, ailənin gəlirini artırmaq üçün balıqçılıq da daxil olmaqla başqa işlərlə məşğul olurdu, Santhama isə evdar qadın idi.[7] Onlar övladlarını hinduizm dəyərləri əsasında böyüdür, ailədə kişilərlə qadınların bərabərliyini xüsusi vurğulayırdılar.

Pilleyin ibtidai məktəbdəki sinif yoldaşlarının əksəriyyəti erkən yaşda ərə verilsə də valideynləri onun və digər iki bacısının qardaşları kimi təhsilini davam etdirməsini təkidlə tələb edirdilər.[4] Həmin dövrdə Cənubi Afrika Respublikasında məktəb yerlərindən daha çox uşaq var idi.[4] Bütün övladlarının təhsil almasını təmin etməkdə israrlı olan Pilleyin anası uzun qəbul növbələrində gözləyir, kiçik övladlarını məktəbə yazdırmaq üçün böyük uşaqlarının doğum haqqında şəhadətnamələrindən istifadə edirdi. Məktəb ləvazimatları almaq üçün kifayət qədər pulu olmadığından Santhama Pilley kiçik övladları üçün dəftərlər tikir, böyük uşaqlarının işlənmiş dəftərlərindəki boş səhifələrdən istifadə edirdi.

Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı (1995–2003)

[redaktə | vikimətni redaktə et]

1995-ci ildə ədliyyə naziri Abdullah Ömər və Prezident Mandela Pilleyin namizədliyini BMT Təhlükəsizlik Şurasına təqdim etmiş və onu BMT-nin Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalına (ICTR) hakim vəzifəsinə namizəd göstərmişdilər. 1999–2003-cü illərdə Pilley ICTR-də hakim kimi fəaliyyət göstərmiş və məhkəmənin sədri seçilmişdir.[8] O, ümumilikdə səkkiz il, o cümlədən dörd il sədr vəzifəsində çalışmışdır. Tribunalın fəaliyyətinin ilk dörd ilində yeganə qadın hakim olmuşdur.[9] Onun ICTR-dəki fəaliyyəti daha çox Jan-Pol Akayesunun işinə dair tarixi əhəmiyyətli məhkəmə prosesi ilə yadda qalmışdır. Həmin prosesdə zorlama və cinsi zorakılıq əməllərinin soyqırımı təşkil edə biləcəyi müəyyən edilmişdir.[8][9][10][11] Pilley müsahibələrinin birində demişdir: “Qədim zamanlardan bəri zorlama müharibə qəniməti hesab olunub. İndi isə o, müharibə cinayəti kimi qiymətləndiriləcək. Biz zorlamağın artıq müharibə kuboku olmadığını göstərən güclü mesaj vermək istəyirik”.[11]

Diqqətəlayiq işlər

[redaktə | vikimətni redaktə et]

Soyqırımın bir forması kimi zorlama

[redaktə | vikimətni redaktə et]

1998-ci il sentyabrın 2-də Prokuror Jan-Pol Akayesunun əleyhinə iş üzrə məhkəmə Akayesunu Ruanda soyqırımı zamanı Tutsilərin öldürülməsinə və onlara zərər vurulmasına görə fərdi məsuliyyət daşımaqda ittiham etmişdir.[12] Məhz bu iş çərçivəsində Pilley zorlamağın soyqırımın bir forması və insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməsini nəzərdə tutan beynəlxalq hüquqi presedentin formalaşmasına töhfə vermişdir. Məhkəmə qeyd etmişdir ki, insanlıq əleyhinə cinayətlər yalnız ayrı-seçkilik niyyəti ilə müəyyən olunmur.[13] Əksinə, hər hansı əməl “mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi” olduqda insanlıq əleyhinə cinayət hesab edilir.[13] Bu işdə Akayesu çoxsaylı tutsi qadınlarının sığındığı Taba kommunasının meri idi və milis qrupuna mülki qadınları hədəfə almaq və onlara təcavüz etmək barədə qəsdən göstəriş vermişdi.[14][15]

Zorakılığın qızışdırılmasında medianın rolu

[redaktə | vikimətni redaktə et]

Pilley həmçinin Radio Television Libre des Mille Collins (RTLM) radiostansiyasının və Kangura jurnalının tutsilərə qarşı nifrət təbliğatının yayılmasındakı roluna dair Prokuror Ferdinand Nahimana, Jan-Bosko Barayaqvisa və Həsən Nqezenin əleyhinə məhkəmə işində iştirak etmişdir. Cinayət tribunalı RTLM radiostansiyasında işləyərkən Ferdinand Nahimanaya soyqırımı törətməyə birbaşa və açıq şəkildə təhrikçilik ittihamı irəli sürmüşdür.[16] Jan-Bosko Barayaqvisaya da RTLM-də soyqırım törətməyə birbaşa və açıq şəkildə təhrikçilik, habelə Respublikanın Müdafiəsi Koalisiyası ilə əlaqəli fəaliyyəti ilə bağlı ittihamlar irəli sürülmüşdür.[16] Həsən Nqezeyə də Kangura jurnalı ilə əlaqədar fəaliyyəti çərçivəsində soyqırıma təhrikçilik ittihamı verilmişdir.[16] Bu iş medianın siyasətə və ictimai rəyə təsir edən rolunu, eləcə də onun real həyatda doğurduğu nəticələri nəzərə alması baxımından mühüm əhəmiyyət daşıyırdı.[17]

  1. 1 2 Navanethem Pillay (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 18 oktyabr 2026).
  3. 1 2 Biography record: Navanethem (Navi) Pillay (isveç.). South African History Online. (İstifadə tarixi: 9 oktyabr 2026).
  4. 1 2 3 4 Naidu, Sam. Navi Pillay: Realising Human Rights for All. Quercus. 25 iyul 2013. ISBN 978-1-909807-27-3. İstifadə tarixi: 10 oktyabr 2026.
  5. ↑ "Navi Pillay 2010". Nelson Mandela University. 12 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2026.
  6. ↑ "Announcement, Nobel Peace Prize 2026". The Nobel Prize. 9 oktyabr 2026. 12 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2026.
  7. 1 2 Jain, Sanya. "Navi Pillay wins Nobel Peace Prize: Her grandparents were Indian indentured labourers". Hindustan Times. 9 oktyabr 2026. İstifadə tarixi: 10 oktyabr 2026. according to Sam Naidu in Navi Pillay: Realising Human Rights for All
  8. 1 2 International Criminal Tribunal for Rwanda (1999). Fourth annual report to the United Nations Arxiv surəti 3 yanvar 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 3 yanvar 2014 at the Wayback Machine. Retrieved on 30 July 2008.
  9. 1 2 Glassborow, Katy (26 July 2006). "Apartheid "Legacy Haunts ICC Appeals Judge" Arxiv surəti 11 avqust 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 avqust 2020 at the Wayback Machine. Institute for War and Peace Reporting. Retrieved on 30 July 2008.
  10. ↑ Newburger, Emily (Spring 2006). "The bus driver's daughter" Arxiv surəti 24 oktyabr 2014 tarixindən Wayback Machine saytında. Arxivləşdirilib 24 oktyabr 2014 at the Wayback Machine. Harvard Law Bulletin. Retrieved on 30 July 2008.
  11. 1 2 Berkeley, Bill. "Judgment Day". Washington Post Sunday Magazine. 11 oktyabr 1998. səh. W10.
  12. ↑ "International Criminal Tribunal for Rwanda: Prosecutor v. Akayesu". International Legal Materials of the International Criminal Tribunal for Rwanda. 37 (6): 1399–1410. noyabr 1998. doi:10.1017/s0020782900012304. ISSN 0020-7829 – International Criminal Tribunal for Rwanda vasitəsilə.
  13. 1 2 "ICD - Akayesu - Asser Institute". www.internationalcrimesdatabase.org. İstifadə tarixi: 14 dekabr 2023.
  14. ↑ "New charges against Akayesu: sexual violence | United Nations International Criminal Tribunal for Rwanda". unictr.irmct.org. İstifadə tarixi: 14 dekabr 2023.
  15. ↑ "Neither Hutu nor Tutsi, just Rwandan". The Economist. ISSN 0013-0613. İstifadə tarixi: 14 dekabr 2023.
  16. 1 2 3 Taulbee, James Larry. Prosecutor v. Jean-Bosco Barayagwiza, Ferdinand Nahimana, and Hassan Ngeze // War Crimes and Trials: A Primary Source Guide. ABC-CLIO, LLC. 2018. 305–314. doi:10.5040/9798216033561.ch-031. ISBN 979-8-216-03356-1. İstifadə tarixi: 9 oktyabr 2026.
  17. ↑ "Three Media Leaders convicted for Genocide | United Nations International Criminal Tribunal for Rwanda". unictr.irmct.org. İstifadə tarixi: 14 dekabr 2023.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]